SOSIAL

Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi 112 vəzifəli şəxsə XƏBƏRDARLIQ EDİB – Həbs olunanlar var

“2022-ci ilin 11 ayı ərzində Baş İdarədə 258 vəzifəli şəxs barəsində 186 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib”.

32gun.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev deyib.

İdarə rəisi bildirib ki, araşdırmalar zamanı həmin cinayətlər nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə ümumilikdə 66 milyon manat ziyan dəydiyi məlum olub:

“İbtidai istintaq zamanı Baş İdarə tərəfindən həmin ziyandan 49 milyon manatının ödənilməsi təmin edilmiş, bundan əlavə təqsirləndirilən şəxslər barəsində cinayət qanununda nəzərdə tutulmuş müddəaların tətbiqi nəticəsində əlavə olaraq 19 milyon manat dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərə məxsus 1.7 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur. Ümumilikdə son 3 il ərzində, yəni 2020-2022-ci illərdə Baş İdarə tərəfindən 1057 vəzifəli şəxs barəsində 640 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Həmin cinayətlər nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə ümumilikdə təqribən 344 milyon manat ziyan vurulması müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı həmin ziyandan 148 milyon manatının ödənilməsi təmin edilmiş, həmçinin gələcəkdə ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 116 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.

Son üç il ərzində Baş İdarə tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş vəzifəli şəxslərin cinayət başında yaxalanması üçün 123 əməliyyat tədbiri həyata keçilmiş və həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir”, - Səbuhi Alıyev qeyd edib.

Həmçinin Baş İdarə tərəfindən korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə (yəni bir növ qabaqlayıcı tədbir qismində) və korrupsiya ilə əlaqəli hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər barəsində digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi məqsədilə qanunda nəzərdə tutulmuş prokuror təsir tədbirləri də həyata keçirilir. Buraya təqdimat, xəbərdarlıq və inzibati məsuliyyət tədbirləri daxildir.
 

“Son üç il ərzində Baş İdarə tərəfindən 513 halda dövlət orqanları və publik hüquqi şəxslərə təqdimatlar göndərilmiş, nəticədə vəzifəli şəxslər töhmət, şiddətli töhmət, vəzifədən azad olunma, çalışdığı qurumdan xaric edilmə kimi intizam məsuliyyəti növlərinə cəlb edilmişdir.


Həmin dövrdə, həmçinin 112 vəzifəli şəxsə xəbərdarlıq elan edilmişdir ki, gələcəkdə bir daha hüquq pozuntularına yol verdikləri halda barələrində daha ciddi hüquqi tədbirlər görüləcəkdir. Bundan əlavə, qeyd edilən dövr ərzində 60-dan artıq fiziki və hüquqi şəxs barəsində inzibati məsuliyyət tədbirləri həyata keçirilmişdir”, - deyə Alıyev əlavə edib.

Loading...

Oxşar Xəbərlər