SOSIAL

Azıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTO

Azərbaycanda tədris olunan dərsliklərdə mövzuların təqdimatında yanlışlıqlar var. Belə ki, 5-ci sinif rus dili bölməsi tarix kitabında Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə işğaldan azad etdiyi, Xocavənd şəhərində yerləşən Azıx mağarası hələ də işğal altındakı kimi göstərilir.

Bəs bu dərsliklər nə vaxt yeniləri ilə əvəzlənəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda məktəblərimizdə bu cür dərsliyin tədris olunması düzgün deyil:

"Burada bir nüans var ki, bizim bu günə qədər bütün dərsliklərimiz 2020-ci ilə qədər olan vaxt üçün hazırlanıb. Onda tarixi şərait fərqli idi. Ona görə ki, torpaqlarımız işğal altında idi. İndi hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri də dərsliklərimizin və vəsaitlərimizin ən qısa müddətdə buna uyğunlaşdırılmasıdır. Məktəblərimizdə belə bir bir dərsliklərimizin olması düzgün deyil. Bu uzun və ağır bir prosesdir, amma hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ən qısa vaxtda bütün bu dərslikləri baxıb, onların yenilənməsinə həyata keçirilməlidir".

Ceyhun Məmmədov bildirib ki, bəzi məktəblərdə hələ də torpaqlarımızın işğal günləri ilə bağlı məlumatlar gedir.

O, qeyd edib ki, bütün bu kimi hallar tezliklə aradan qaldırılmalıdır: "Biz artıq qalib xalqıq və qalib xalq kimi ancaq qələbədən danışmalıyıq. Hər halda 3 il ərazində biz bu dərslikləri dəyişə bilərdik və bu məsələlərlə bağlı xeyli iş görə bilərdik".

Qeyd edək ki, Azərbaycan Milli Ordusu Xocavənd rayonunun Azıx kəndini 2020-ci ilin noyabrın 9-da işğaldan azad edib. Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başlayıb.

1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edib. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb.

Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib.

Oxşar Xəbərlər