HADİSƏ

Ağdamda qəzaya uğrayan PFL prezidentləri əməliyyat olunacaqlar - YENİLƏNİB

Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar hazırlıqlardan sonra əməliyyata alınacaqlar.

"32gun.az" xəbər verir ki, bu barədə "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında məlumat verib.

O, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".

Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar".

***13:23

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

"32gun.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.

PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.

Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.


***

11:23 16-12-2023
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"32gun.az" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. Onların Xankəndi şəhəri istiqamətində hərəkət etdiyi bildirilir. 

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

Oxşar Xəbərlər