SOSIAL

400-dən çox stomatoloq TƏBİB-in qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.

Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan “Unikal”a bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloq TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirilməsi nəzərdə tutulub:

“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.

İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.

Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub vasitəsilə müraciət edəcəyik”, - deyə qeyd olunub.

 

***13:00

Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb.

"Unikal"a daxil olan məlumata görə, narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icra haqqının tələb edilməsidir. 

Bu barədə "Facebook"da stomatoloqların qrupunda da çox sayda həkim tərəfindən paylaşımlar edilib. Qeyd olunub ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur.

İcarə haqqı tələb edilən otaqlar isə heç biri təmirli deyil və zəruri avadanlıqlarla təşkil olunmayıb. Yəni, dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.

Oxşar Xəbərlər