.jpg)
ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu dəniz məməlilərinin alətlərdən istifadəsinin nadir formasını müşahidə ediblər. Vaşinqton ştatının sahil sularında yaşayan orka (qatil balina) balinaları yosunlardan istifadə edərək bir-birlərinə qulluq edir. Bu qeyri-adi davranış “allokelpinq” adlandırılıb.
32gun.ax xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Current Biology (CurBio) elmi jurnalında dərc olunub.
Mütəxəssislər pilotsuz uçuş aparatları vasitəsilə müxtəlif yaşda olan orka balinalarının qəhvəyi yosunları (laminariya) dişləyib qopararaq bir-birlərinin bədəninə sürtərək uzun müddət masaj etdiklərini müşahidə ediblər. Bu davranış həmin populyasiyaya daxil olan üç ailə qrupunun hamısında qeydə alınıb.
ABŞ-ın Fraidey-Harbor şəhərində yerləşən Kit Tədqiqatları Mərkəzindən doktor Maykl Vays bildirib: “Laminariya saplaqları bu cür istifadə üçün ideal xüsusiyyətlərə malikdir – möhkəmdir, elastikdir və sürüşkən səthə sahibdir.”
Alimlərin fikrincə, “allokelpinq” bir neçə funksiyanı yerinə yetirir: bu davranış qohum fərdlər arasında sosial bağları gücləndirir, dərinin gigiyenasına töhfə verir və yosunların iltihabəleyhinə xüsusiyyətlərinə görə terapevtik təsirə malik ola bilər.