ÖZ XƏBƏR

Mətbuatımızı yaradandan yaşadana - Bayramımız mübarək

Milli mətbuatımızın yaranmasının 150 ili tamam olur.

Bir az tarixi xatırlayaq

1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti xalqımızın milli oyanışı tarixində yeni bir mərhələnin əsasını qoydu. Qəzet  xalqın milli şüurunun formalaşmasında mühüm rol oynadı. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib.  Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Sözün əsl mənasında "Əkinçi" xalqımızın milli oyanışı üçün dönüş nöqtəsinə çevrildi.

Bəs indi...

Bu gün mətbuatımızın əmin əllərdə olduğunu demək olar.  Çünki bu gün Azərbaycan mətbuatı əsl savaşçı kimi zamanın çağırışlarına cavab verir və ictimai rəyin formalaşmasında mühüm rol oynayır

Bunu demək cəsarəti də mənə Ali Baş Komandan İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söylədiyi bu fikirlərdən gəlir:
“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, – deyə dövlətimizin başçısı bildirib.

Elə bu fikirlər də Azərbaycan mətbuatının yalnız informasiya daşıyıcısı deyil, həm də milli maraqların qoruyucusu, informasiya savaşında əsl döyüşçü olduğunu sübut edir. Bu döyüş ruhu 44 günlük Qarabağ Müharibəsində də özünü göstərdi. Jurnalistlər və media nümayəndələri də xalqın digər üzvləri kimi cənab Prezidentin ətrafında sıx birləşdi, ordusuna inandı və onun sarsılmaz gücünə arxalandı... 

Xüsusi qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, Ümummilli Liderin siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bunun nəticəsidir ki, Azərbaycan mediası bu gün müstəqil, peşəkar və vətənpərvər bir mövqedən çıxış edərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dövlətimizin maraqlarını müdafiə edən güclü bir platformaya çevrilmişdir. 

Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf etməkdədir.

Düşünürəm ki, Prezidentin "Bizim mediamız lazım gəldikdə hücuma da keçir" fikri həm gənc mediaçılar, həm də biz – gənc media kapitanları üçün dərin mesaj yükü daşıyır. Çünki bu sözlər  böyük bir məsuliyyətlə yanaşı, ciddi motivasiya rolu oynayır.

19-21 iyul 2025-ci il tarixlərində regional və beynəlxalq mövzuların müzakirə olunduğu III Şuşa Qlobal Media Forumu keçirildi. Bu dəfə forumun ev sahibliyini Xankəndi etdi. Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli məsələlərin Qarabağ bölgəsində müzakirə olunması artıq davamlı ənənəyə çevrilib.

Üçüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu onu göstərir ki, Azərbaycan mediası həm regionda, həm də beynəlxalq səviyyədə nüfuzunu artırır və ölkəmizin informasiya məkanında söz sahibinə çevrilir.

Bildiyiniz kimi, “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən forumda 52 ölkədən 140-dan çox qonaq, o cümlədən 30-dan artıq informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu iştirak etdi. Forumda həm əcnəbi media təmsilçiləri, həm də Azərbaycan nümayəndələri, ekspertlər və rəsmilər təmsil olunurdu. Burada  Prezident İlham Əliyev  çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Bu cavablar Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. 

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir. Bu da onu göstərir ki, hələ qalib Azərbaycandan çox danışacaqlar. 

MEDİA və mediaçılar...

Media eksperti, professor Qulu Məhərrəmlinin bu fikrini xatırlamaq həqiqətən yerinə düşər: "Media İnkişafı Agentliyinin yaradılması bu sahədə gözlənilən islahatların başlanğıcıdır." Həqiqətən də, elə oldu. MEDİA ilə irəliləyən mediamız sözünü, azad fikirlərini deməyə davam edir. 

4 yaş yarımlıq Media İnkişafı Agentliyinin yaradılması informasiya məkanında dəyişiklik dövrünün başlanğıcı oldu.

Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanına əsasən, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edilib. Medalın təltif səlahiyyəti isə Media İnkişafı Agentliyinin İcraçı direktoruna verilib.

Bu da bir daha göstərdi ki, Azərbaycan mediası dəyərə layiqdir.

Bayramınız və bayramımız mübarək, hörmətli həmkarlar! Hər zaman haqqın və həqiqətin yanında olaq!!!

Aygün İlqarqızı

.

.

.

.

.

Oxşar Xəbərlər