
Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkarladı
Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunun 2023–2024-cü illər üzrə gəlir və xərc göstəricilərində hüquqi aktların tələblərinə zidd uyğunsuzluqlar aşkar edib.
"32gun.az" xəbər verir ki, bu barədə Palata audit həyata keçirib.
Audit hesabatında qeyd olunub ki, 2023-cü il üzrə Fondun gəlirləri 2 236,9 milyon manat, xərcləri isə 1 804,3 milyon manat, 2024-cü il üzrə isə gəlirlər 2 467,2 milyon manat, xərclər isə 2 214,7 milyon manat təşkil edib. Lakin bu rəqəmlər Fondun təqdim etdiyi illik hesabatlarda gəlir və xərc göstəricilərinin düzgün əks olunmaması fonunda təhriflərlə müşayiət olunub.
Hesablama Palatası müəyyən edib ki, bəzi xərclər və öhdəliklər əvvəlki illərə aid olsa da, həmin xərclər hesabatlara tam şəkildə daxil edilməyib. Eyni zamanda, hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlər üzrə də həm gəlir, həm də xərclərin həyata keçirildiyi, bəzi istiqamətlər üzrə isə təsdiqlənmiş məbləğdən artıq vəsaitin icra olunduğu məlum olub.
Qeyd olunur ki, 2023–2024-cü illər üzrə Fondun büdcəsinin icra səviyyəsi aşağı olub – müvafiq olaraq 81,1% və 78,5%. Bu isə gəlir və xərclərin qeyri-real proqnozlaşdırılması, əvvəlki illərin göstəricilərinin nəzərə alınmaması ilə izah olunur.
Hesablama Palatası həmçinin bildirib ki, əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin növbəti illərin xərclərinə yönəldilməsi ilə bağlı hüquqi tələblər icra edilməyib. Nəticədə, bu məbləğlərin yenidən gəlir kimi büdcəyə daxil edilməsi dövlət gəlirlərinin təkrar uçotuna səbəb olub.