"Bu, Bakının diplomatik qələbəsidir" - Türk professor Zəngəzurdan danışdı
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən Azərbaycan–Ermənistan Zirvəsi Cənubi Qafqazın gələcəyini dəyişdirəcək tarixi addım kimi qiymətləndirilir. Görüşdə tərəflər sülh anlaşmasını paraflayıb.
Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce “Sabah” qəzetinə açıqlamasında bildirib ki, bu sənəd 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı nailiyyətlərin masa arxasında da rəsmiləşdirilməsi kimi dəyərləndirilir və Bakının diplomatik qələbəsi hesab olunur.
Onun sözlərinə görə, anlaşmanın ən diqqətçəkən məqamı ABŞ-nin vasitəçiliyi ilə Zəngəzur dəhlizinə yeni status verilməsi olub. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan bu yolun 99 illik istismar hüququ ABŞ-yə təqdim edilib. Bu, Vaşinqtonun Şərq–Qərb ticarət yollarındakı mövqeyini gücləndirəcək.
Professorun fikrincə, Zəngəzur dəhlizinin açılması ilə:
- Azərbaycan birbaşa Naxçıvan və oradan Türkiyəyə quru bağlantı əldə edəcək,
- Türkiyənin Orta Asiya türkdilli dövlətləri ilə quru əlaqəsi möhkəmlənəcək,
- Enerji, mədən və kənd təsərrüfatı məhsullarının tranziti Azərbaycana böyük gəlir gətirəcək,
- Bakı regionun əsas logistika və enerji mərkəzinə çevriləcək.
Mehmet Yüce qeyd edib ki, Vaşinqtonda imzalanan bu sənəd Azərbaycanı regionun enerji və logistika mərkəzinə çevirməklə yanaşı, Türkiyənin strateji gücünü artıracaq, Ermənistan üçün isə uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya imkanı yaradacaq.