DÜNYA ÖZ XƏBƏR

Evli cütlük Rusiya hərbi obyektlərinin çəkilişinə görə uzun müddətə azadlıqdan məhrum edilib

Moskva Şəhər Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin bir sıra obyektləri barədə məlumat toplamaqda və həmin binaların, hasarların, xidmət aparan əməkdaşların foto və video çəkilişini aparmaqda təqsirləndirilən Pavel Korotiç və onun həyat yoldaşı Valeriya Yeqorovanı mühakimə edib.

32gun.az TASS-a istinadən xəbər verir ki, məhkəmə 42 yaşlı Korotiçi 15 il müddətinə ciddi rejimli koloniyada, 38 yaşlı Yeqorovanı isə 17 il müddətinə ümumi rejimli koloniyada cəza çəkməyə məhkum edib. Bundan əlavə, Yeqorovaya 100 min rubl məbləğində cərimə də tətbiq olunub.

Cütlük Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə – dövlətə xəyanət – maddəsi ilə təqsirli bilinib. Yeqorova həmçinin Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 1-ci hissəsi (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) və 228-ci maddəsinin 1-ci hissəsi (psixotrop maddənin qanunsuz saxlanılması) üzrə də təqsirli bilinib.

İstintaq müəyyən edib ki, Valeriya Yeqorova 2023-cü ilin mayında messencerlər vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə yaradıb və Rusiyada hərbi obyektlər barədə məlumat toplamaq tapşırığı alıb. O, bu işdə həyat yoldaşı Korotiçlə əlbir olub.

2023-cü ilin mayından 2024-cü ilin fevralına qədər Yeqorova Moskva və Moskva vilayətində Müdafiə Nazirliyi və Milli Qvardiyanın obyektlərinə dair gizli foto və video çəkilişlər aparıb. Korotiç isə bu müddətdə onun müşahidə və nəqliyyat dəstəyini həyata keçirib.

Xatırladaq ki, bundan əvvəl də Yaponiyalı Nakanisi Masatosi Minskdə oxşar ittihamla – kəşfiyyat məlumatlarının toplanması – ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ayaz 

Oxşar Xəbərlər