Zakir Fərəcovun tender kralı etdiyi şirkət MƏHKƏMƏLİK OLDU
"Arsenal-M" MMC şirkəti məhkəməlik olub.
32gun.az -ın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İX) protokol tərtib edilərək Biləsuvar Rayon Məhkəməsinə təqdim edilib.
Nizamnamə kapitalı 10 Azn olan şirkətin rəsmi mənbələrdə qanuni təmsilçisi Yusalə Hüseynova Sehran qızı göstərilsə də mətbuatda bu şirkətin adı Zakir Fərəcovla birgə çəkilir.
Belə ki, 2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov "Arsenal-M" MMC-ni demək olar bir çox tenderlərin qalibi edib.
Sözügedən şirkət ötən il Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə müsabiqəsində qalib olaraq, 287 566 AZN qazanmışdı.
Məlum olan odur ki, "Arsenal-M" MMC əsasən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərinin qalibi olur.
2021-ci ildə qurumla şirkət arasında bu müqavilə də daxil olmaqla toplam maliyyə dəyəri 863 606.6 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb. Müqavilələrdə yaşıllıqların salınması və əkin materiallarının alınması nəzərdə tutulub.
2020-ci ildə isə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi "Arsenal-M" MMC ilə ümumi dəyəri 1 484 440 AZN təşkil edən 5 müqavilə imzalayıb. Bu müqavilələr də yaşıllıqların salınması ilə bağlıdır.
Beləliklə, aydın olur ki, bir il ərzində "Arsenal-M" MMC-yə 2 348 046 AZN pul ödənib. Yeri gəlmişkən, şirkətin bu günə olan vergi borcu 8600.64 AZN təşkil edir. "Dövlət satınalmalar haqqında" Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.
Ümumilikdə şirkət Sumqayıt İcra hakimiyyətinin 9 tenderində qalibidir.
Mətbuatda gedən məlumatlara görə, "Arsenal-M" MMC-nin adı həmçinin ölkədən qanunsuz puı çıxarmaqda hallanıb.
Nilay