Meyitləri tapılan 4 nəfər 6 gün əvvəl ölübmüş - Üçünün kimliyi bəllidir (YENİLƏNİB)
Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.
32gunaz apa-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.
Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.
Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.
Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.
Kamran Allahverdiyevin xalası əməkdaşımızla söhbətində Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.
*** 22:15
Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.
32gun.az xəbər verir ki, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.
Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.
Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.
Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib.
***16:07
Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.
32gun.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə baş verən ərazidə yaşayan sakin Əsgər İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10 gündür kirayəçi kimi köçüblər:

“Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi polisə məlumat verib”.
Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar:
“Hadisənin 2022-ci il dekabrın 31-də baş verdiyi bildirilir".
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
.