Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə çıxış edən Türkiyə Xarici işlər naziri Hakan Fidan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini bütün türk dünyasının qələbəsi kimi qiymətləndirdiklərini bildirib.
32gun.az xəbər verir ki, 20-ci əsrin əvvəllərində Bakının azad edilməsində və Azərbaycanın müstəqillik qazanmasında Osmanlı İmperiyasının çox mühüm rol oynadığına diqqət çəkən Fidan həmçinin "azərbaycanlı qardaşlarımız Türkiyənin istiqlal hərəkatına dəstək verdilər. Birinci Dünya Müharibəsindən sonra, 20-ci əsrin əvvəllərində istiqlaliyyətimizi dəstəklədilər. Sovet İttifaqının dağılmasından sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Tarix inamımızın bir olduğuna şahidlik edir" deyə bildirib.
Fidan son olaraq Qarabağda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini bütün türk dünyasının qələbəsi kimi gördüklərini bildirərək, “Ölkələrimizin gələcəyi prezidentlərimiz, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin gücü ilə hər zamankindən daha parlaqdır" deyib.
Sonda isə Heydər Əliyevin həyat hekayəsindən və nailiyyətlərdən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Aysel Şirinova