Britaniya taxtının varisi Şahzadə Vilyam yemək arabasında xalqa xidmət göstərərək vətəndaşları təəccübləndirib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Britaniyanın 41 yaşlı şahzadəsi Vilyam məşhur YouTube kanalı Sorted Food üçün Londonda piştaxtanın başına keçib. Burgerləri ictimaiyyətə paylayan Şahzadəni görənlər gözlərinə inanmayıb.
Kanalın təşkil etdiyi yemək yarışmasının qaliblərinin burgerlərinin təqdim olunduğu veriliş YouTube-da da yayımlanıb. Burgerləri aşpazlarla birlikdə ictimaiyyətə təqdim edən şahzadə Vilyam yeməklərin dadına baxan vətəndaşların şərhlərini maraqla dinləyib.
Burgerləri piştaxtaya qoyandan sonra şahzadə “Hamının sabahı xeyir. Burgerlər yaxşı bişirilib və yeyilməyə hazırdır”,- deyib.
Onu görən vətəndaşlar isə təəccübünü gizlədə bilməyib və şahzadəyə yaxınlaşaraq: "Mən yuxu görürəm?" deyə sual ünvanlayıb. Digər vətəndaş isə "Ağzım açıq qaldı. Söz tapa bilmirəm" deyərək təəccübünü bildirib.
Aysel Şirinova
