Xəbər verdiyimiz kimi Rusiya Ukrayna limanına doğru irəliləyən türk yük gəmisinə xəbərdarlıq atəşi açmışdı.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə Rusiyanın işğalından sonra 12 türk gəmisi Ukrayna limanlarında qalıb. Gəmilər təxminən 1,5 ildir ki, xilas olunmağı gözləyirlər.
Məsələ ilə bağlı Kosder Gəmi Sahibləri və İstismarçılar Dərnəyinin sədri Hakan Çendik, Türkiyə LİV-lərinə mövcud vəziyyəti şərh edib: "Biz adət etmədiyimiz bir prosesdən keçirik. Siz göyərtədə dənizçiləri görürsünüz, hamısı şübhəli əsir kimi oturub kömək gözləyirlər. Bunlar fədakar, dolanışığını təmin edən dənizçilərdir".
Gəmi sahiblərinin də böyük iqtisadi itki ilə üzləşdiyini deyən Çendik, "Bu gəmilər artıq ticarət üçün yaraslz hala gəlib. Gəmilər işləməlidir, onların yenidən işləməsi isə çox baha başa gələcək. Biz artıq onlara fabrik deyirik. Bunun ciddi iqtisadi itkiləri var. 12 türk və 60 xarici gəminin üzərində iqtisadi yük var”,- deyə bildirib. Gəmi kapitanlarından birinin sözlərinə görə gəmilər taxıl razılaşmasının əldə edilməməsi səbəbilə dənizə açıla bilməyiblər. İndi isə mina təhlükəsi səbəbilə təxliyə gecikdirilir.
Qeyd edək ki, dənizçilər Türkiyə gəmilərinin təxliyəsi üçün müvəqqəti yardım dəhlizinin yaradılması tələbindədirlər.
Aysel Şirinova