Misir Qəzza zolağından yaralıları qəbul edərək onları Şimali Sina xəstəxanalarında müalicə etməyə başlayıb.
32gun.az bildirir ki, bu barədə vilayətin qubernatoru Xalid Muqaver "Rossiya" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, xəstələr sağaldıqdan sonra vətənlərinə qaytarılacaq.
Qəzza ilə Misir arasındakı "Rafah" keçid məntəqəsində tibb briqadaları fasiləsiz xidmət göstərir. Artıq 50-yə yaxın yaralı uşaq və yeniyetmə təcili yardım maşınları ilə ərazidən çıxarılıb.
"Atəşkəs razılaşması qüvvədə olduğu müddətdə 'Rafah' açıq qalacaq. Amma tərəflərdən biri onu pozarsa, vəziyyət dəyişə bilər. Biz yaralı fələstinliləri humanitar səbəblərə görə qəbul edirik. Onlara lazım olan tibbi yardımı göstərəcəyik, lakin müalicədən sonra geri qayıtmalı olacaqlar", – deyə Muqaver vurğulayıb.
Bu arada, HƏMAS və İsrail arasındakı ikinci mərhələ razılaşmasının detalları bu gün müzakirə edilməli idi. Lakin Tel-Əviv Dohada keçirilməli olan danışıqlara nümayəndə heyəti göndərməyib. Bunun əvəzinə, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib və Donald Trampın inauqurasiyasından sonra ABŞ-ı ziyarət edən ilk xarici lider olub.
Ayxan