Orta yaş dövründə qidalanma və piylənmə beyin fəaliyyətinə təsir edir
Oksford Universiteti, London Universitet Kolleci və Avropanın bir neçə elmi mərkəzinin alimləri müəyyən ediblər ki, orta yaş dövründə qidalanma keyfiyyəti və bel-bud nisbəti insanın yaşlandıqca beyin fəaliyyətinə və zehni funksiyalarına təsir edir.
32gun.az bildirir ki, araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub .
Araşdırma çərçivəsində alimlər 21 il ərzində 512 nəfərin qidalanma vərdişlərini, 664 nəfərin isə bel-bud nisbətini təhlil ediblər. Nəticələrə görə, orta yaşda sağlam qidalanma zehni fəaliyyətin, yaddaşın və danışıq qabiliyyətinin yaxşılaşması ilə əlaqələndirilib. Eyni zamanda, bel-bud nisbətinin yüksək olması yaşlılıqda idrak funksiyalarının pisləşməsi və beyin toxumalarının zəifləməsi ilə bağlı olub.
Frankfurt Goethe Universitetindən doktor Şarmili Edvin Tanaraya bildirib ki, piylənmə və qidalanma problemləri ilə mübarizə üçün sistemli tədbirlərə ehtiyac var. O, dünyada böyüklərin 43%-nin və uşaqların 20%-nin artıq çəkidən əziyyət çəkdiyini vurğulayıb.
Araşdırmada iştirakçıların 80%-nin kişi olması isə əldə edilən nəticələrin qadınlara nə dərəcədə aid olduğunu dəqiqləşdirməyi zəruri edir. Alimlər bu mövzuda gələcək tədqiqatların aparılmasının vacibliyini bildiriblər.
Ayxan