Türkiyədə Trabzonun Akçaabat rayonunda 13 avqust 2011-ci ildə itkin düşən Süleyman Demirin cinayət işi yenidən araşdırılmağa başlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki Akçaabat Jandarma İlçe Komutanlığı tərəfindən aparılan istintaq çərçivəsində Demirin şübhəli kimi adı keçən həyat yoldaşı Ümmühan Demir və oğlu Hızır Demir yenidən dindirilib.
Baltayla öldürüb, atı ilə birlikdə yandırdılar
İstintaq zamanı müəyyən edilib ki, Ümmühan Demir 16 yaşında Süleyman Demirlə evləndirilib, lakin bu evlilikdən əvvəl başqa bir şəxsdən hamilə qalıb və həmin uşaq Hızır Demirdir. Süleyman Demirin bu həqiqəti sonradan öyrəndiyi irəli sürülüb.
Jandarmadakı ifadəsində Hızır Demir, anasının əmisi ilə münasibətdə olduğunu və atasının bunu öyrəndikdən sonra anasına şiddət göstərdiyini bildirib.
Ana və oğulun 13 avqust 2011-ci ildə Süleyman Demiri Uçarsu meşəlik ərazisinə çağırdığı, atı ilə ora gedən Demirin isə burada baltayla öldürüldüyü müəyyən edilib. Daha sonra Ümmühan və Hızır Demirin, izləri tamamilə yox etmək üçün Süleyman Demirin meyitini parçalayaraq atı ilə birlikdə yandırdıqları üzə çıxıb.
Ana və oğlu həbs edildi
Jandarma tərəfindən dindirilən Ümmühan Demir cinayəti etiraf etsə də, təkbaşına törətdiyini iddia edib. Saxlanılan ana və oğlu məhkəməyə çıxarılaraq həbs edilib.