Beynəlxalq astronomlar qrupu Hubble kosmik teleskopundan istifadə edərək Uran planetinin fırlanma sürətini indiyədək ən dəqiq şəkildə ölçüb. Yeni metod planetin qütb işıqlarının (auroralarının) analizinə əsaslanır və əvvəlki qiymətləndirmələrdən min dəfə dəqiq nəticə verib.
32gun.az bildirir ki, tədqiqat Nature Astronomy jurnalında dərc olunub.
Uzaq və sirli planetlərin, xüsusilə də Uranın fırlanma sürətini müəyyənləşdirmək çox çətindir. Loran Lami rəhbərliyindəki Paris Rəsədxanasının alimləri yeni yanaşma təqdim ediblər: onlar planetin maqnit sahəsi ilə toqquşan yüklü zərrəciklərin yaratdığı auroraların hərəkətini izləyiblər.
Hubble teleskopunun 10 ildən çox müddətdə topladığı ultrabənövşəyi müşahidələrin təhlili nəticəsində alimlər müəyyən ediblər ki, Uran bir tam dövrü 17 saat 14 dəqiqə 52 saniyəyə tamamlayır – bu, 1986-cı ildə Voyager 2 tərəfindən ölçülmüş vaxtdan 28 saniyə çoxdur. Bu dəqiqləşmə, planetin yeni koordinat sisteminin yaradılması və maqnit qütblərinin yerdəyişməsi ilə bağlı müşahidə çətinliklərinin həllində əsas rol oynayıb.
Loran Lami bildirib ki, Hubble vasitəsilə uzunmüddətli müşahidələr sayəsində periodik siqnal aşkarlanıb və bu yüksək dəqiqlik mümkün olub. Alimlər artıq son 40 ilin aurora məlumatlarını müqayisə edə və gələcək missiyalara – o cümlədən ABŞ-ın tövsiyə etdiyi Uran orbitinə göndəriləcək cihaz layihəsinə – daha yaxşı hazırlaşa biləcəklər.
Uranın auroraları Yer və ya Yupiterdəki kimi deyil – onlar çox daha az proqnozlaşdırılandır, çünki planetin maqnit sahəsi kəskin şəkildə əyilmiş və mərkəzdən kənara çıxmışdır. Yeni məlumatlar təkcə Uranın maqnitosferini daha yaxşı anlamağa deyil, həm də ümumilikdə buz nəhənglərinin quruluşuna dair bilikləri artırmağa kömək edir.
Ayxan