DÜNYA ÖZ XƏBƏR

"Rusiyanın hərəkətləri real sülhə nail olmaq imkanlarını gecikdirir"

Ukrayna və Rusiya Ər-Riyadda sülh danışıqları zamanı götürdükləri atəşkəs öhdəliklərinə əməl etməlidirlər.

32gun.az bildirir ki, bunu ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi Təhlükəsizlik Şurasının Ukraynada sülhün və təhlükəsizliyin qorunmasına həsr olunmuş iclası zamanı deyib.

Şi vurğulayıb ki, Rusiya yadda saxlamalıdır ki, Krivoy Roqa raket zərbəsi kimi hərbi zərbələr yalnız sülh prosesinə zərər verir. Onun sözlərinə görə, hücumlar sülhə nail olmaq səylərinə xələl gətirir və Rusiyanın atəşkəsə sadiqliyini şübhə altına alır.

Dünya hər iki tərəfin sülhə real sadiqliyini görməlidir. Biz təmkinliyə çağırırıq və Rusiyadan öz öhdəliklərini yerinə yetirməsini tələb edirik", - Şi deyib.

Doroti Şi həmçinin vurğulayıb ki, mülki hədəflərə hücumlar və ukraynalı hərbi əsirlərin edam edilməsi Rusiyanın təcavüzü dayandırmaq niyyətinin ciddiliyini şübhə altına alır. O qeyd edib ki, bu hərəkətlər yalnız münaqişəni daha da gərginləşdirir və həqiqi sülhə nail olmaq imkanlarını geri itələyir.

"Aprelin 4-də Krivoy Roqa raket hücumu bu dağıdıcı müharibənin niyə bitməli olduğunu bir daha sübut edir. Rusiyanın hərəkətləri Kreml və onun lideri Vladimir Putinin sülhlə bağlı öhdəliklərini necə yerinə yetirməyə hazır olduğunu göstərir", - Şi əlavə edib.

Amerika Birləşmiş Ştatları ədalətli və sabit sülh axtarışında Ukraynanın tərəfində olmaq öhdəliyini bir daha təsdiqlədi. Doroti Şi beynəlxalq ictimaiyyəti, o cümlədən BMT üzvlərini ABŞ-ın səylərinə qoşulmağa və Rusiyanın müharibəni davam etdirmək cəhdlərinə qarşı duraraq sülh prosesini fəal şəkildə dəstəkləməyə çağırıb.

"Birləşmiş Ştatlar pis niyyətli danışıqlara və ya öhdəliklərin pozulmasına dözməyəcək. Bizim işimiz bu müharibənin mümkün qədər tez bitməsini təmin etməkdir", - Şi deyib.

Şi Rusiyanı danışıqlara və öhdəliklərini yerinə yetirməyə real iradə nümayiş etdirməyə çağırıb. O vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün hələ də imkanlar var, lakin onlardan çox gec olmadan dərhal istifadə etmək lazımdır.

"Kreml üçün qərar qəbul etmək və həqiqi sülhə hazır olduğunu sübut etmək vaxtıdır", - o, yekunlaşdırıb.

Ayxan 

Oxşar Xəbərlər