Təxminən 10 ay əvvəl Esenyurtda meşəlik ərazidə cəsədi tapılan və ölümü şübhəli olaraq qeydə alınan Nurcan Karabulutun (36) təcavüzə məruz qalaraq öldürüldüyü müəyyən edilib. Polis Nurcan Karabulutun sevgilisi və keçmiş sevgilisi də daxil olmaqla 3 nəfəri saxlayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İttihamları qəbul etməyən şübhəlilər ədliyyəyə sövq edilib.
Xəbərdə xatırladılır ki, 25 iyun 2024-cü il tarixində Esenyurtun Ardıçlı Məhəlləsində Tem şossesini keçmək üçün istifadə edilən cığırla gedən vətəndaşlar yerdə uzanmış qadını görərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polis qrupları qadının üzüstə uzandığını və öldüyünü müəyyən edib. Yaxınlıqdan mərhum qadının çantası, pulqabı, şəxsi əşyaları və çantada olan ehtiyat paltarları aşkar edilib. İlkin müayinədə qadının burnundan yüngül qanaxma olduğu müəyyən edilib və hadisə şübhəli ölüm kimi qeydə alınıb.
Həmçinin qeyd edilib ki, Ədli Tibb Qurumunda meyitin müayinəsində Nurcan Karabulutun təcavüz edildikdən sonra, boğularaq öldürüldüyü müəyyən edilib.
Bu hadisədən sonra ölkədə Qətl Bürosu araşdırmaya başlayıb. Polis qrupları tərəfindən aparılan araşdırma zamanı Nurcan Karabulutun hadisə yerində tanış olduğu sevgilisi MG (41), keçmiş sevgilisi H.T. (39) və MG-nin qardaşı RG (44) saxlanılıb.
Qətl Bürosunda dindirilən şübhəlilərin hadisə ilə bağlı ittihamları qəbul etmədikləri bildirilib. Polis bölməsində əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib.
Ayxan