Təl-Əviv Universitetinin (TAU) israilli alimləri narahatedici məlumatlar təqdim ediblər: 2023-cü il oktyabrın 7-dən sonra antisemitizmin qlobal artımı son onilliklərin ən böyüklərindən biri olub.
32gun.az bildirir ki, Elmi qurumun rəsmi saytında dünyada yəhudilərə qarşı əhval-ruhiyyənin hazırkı durumu ilə bağlı hesabat dərc olunub.
Hesabata görə, HƏMAS-ın hücumlarından və Qəzzada müharibənin başlamasından sonra dünya misli görünməmiş antisemitizm təzahürləri dalğası ilə üzləşib. Zirvə 2023-cü ilin son aylarında, təkcə Almaniyada yəhudilərə qarşı həftədə 29-a qədər hücumun qeydə alındığı vaxta çatdı, oktyabrda isə Fransada 563 hadisə qeydə alınıb ki, bu da bütün 2022-ci ildəkindən çoxdur.
Hesabatın baş redaktoru professor Uriah Şavit, "İsrail həssas görünəndə antisemitizm həmişə yüksəlir " deyib.
Onun sözlərinə görə, 2024-cü ildə hadisələrin sayında tədricən azalma müşahidə olunub, lakin böhrandan əvvəlki “normal” rəqəmlər hələ də uzaqdır.
Ekspertlər xüsusilə antisemit ritorikasının transformasiyasından narahatdırlar. Ənənəvi nifrət formaları radikal anti-İsrail təbliğatına qarışaraq təhlükəli kokteyl yaradıb.
Tədqiqatın müəllifləri hesab edirlər ki, bir çox ölkələrin hüquq sistemləri antisemitizmlə mübarizədə heyrətamiz dərəcədə səmərəsizdir.
Təqdim olunan məlumatlara görə, qeydə alınmış insidentlərin 10%-dən azı cinayət təqibi ilə nəticələnir.
Tədqiqatçılar vurğulayıblar ki, vəziyyətin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, dünya hələ də nifrətin ən qədim formalarından birini məğlub etməkdən uzaqdır. Dəyişiklik təhsildən tutmuş hüquq-mühafizə orqanlarına qədər bütün səviyyələrdə sistemli iş tələb edir.
Nilay