DÜNYA ÖZ XƏBƏR

Qısa və qeyri-sabit yuxu piylənmə riskini artırır

Fuczyan Tibb Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, qısa və qeyri-sabit yuxu piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.

32gun.az xəbər verir ki, Tədqiqatın nəticələri BMC Public Health jurnalında dərc olunub.

Alimlər ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Araşdırmasının materiallarından istifadə edərək orta yaşı 50,5 olan 4540 könüllünün sağlamlıq məlumatlarını təhlil ediblər. Elmi iş çərçivəsində yuxunun müddəti, gündüz yuxululuğu və yuxuya getmə problemləri qiymətləndirilib. Bu məlumatlar əsasında iştirakçılar sağlam, orta və qeyri-sağlam yuxu rejiminə malik olmaqla üç qrupa bölünüb.

Məlum olub ki, zəif yuxu rejiminə malik insanlarda piylənmə riski keyfiyyətli istirahət edənlərlə müqayisədə 41 faiz daha yüksəkdir. Bu təsir cins, yaş, təhsil səviyyəsi və digər amillərdən asılı olmayaraq müşahidə olunub. Gec yatmaq vərdişi və nizamsız qrafik kimi hallar da piylənmə riskini artırır.

Alimlər xatırladır ki, yuxu və ayıqlıq dövranı birbaşa maddələr mübadiləsinə təsir edir. Sirkadi ritmlərin pozulması enerji sərfiyyatına, metabolizmin işləməsinə və iştahı tənzimləyən hormonlara təsir göstərə bilər. Əvvəlki tədqiqatlar göstərib ki, yuxunun 10 saatdan 4 saata qədər azaldılması aclıq hormonu olan qrelinin səviyyəsini 28 faiz artırır, toxluq hormonu olan leptinin səviyyəsini isə 18 faiz azaldır.

Nilay 

Oxşar Xəbərlər