Aydın şəhərində Tralleis Antik Kentinə yaxın ərazidə aparılan yol yeniləmə işləri zamanı Roma dövrünə aid olduğu ehtimal edilən insan skeletləri və küplər aşkarlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tapıntılar Aydın Muzey Müdirliyinə təhvil verilib.
Efeler rayonunun Kemer məhəlləsində Aydın Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən yol yeniləmə işləri, ərazinin arxeoloji sit sahəsi olması səbəbilə Aydın Muzey Müdirliyinin müşayiəti ilə aparılıb. Tralleis Antik Kentindən təxminən 2 kilometr məsafədə aparılan qazıntı zamanı böyük daşların arasında insan külü və qalıqlarının yerləşdirildiyi kremasiya küpləri tapılıb.
Küpləri araşdıran muzey mütəxəssisləri çox sayda insan sümüyü aşkarlayıb. Roma dövrünə aid olduğu dəyərləndirilən bu tapıntılar daha ətraflı tədqiqat üçün muzeyə aparılıb.
Ərazidə yaşayan 67 yaşlı Özer Aksoy, əvvəlki illərdə də eyni bölgədə aparılan yol qazıntıları zamanı bənzər arxeoloji tapıntıların ortaya çıxdığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ayxan