DÜNYA ÖZ XƏBƏR

Beyin yuxuda həm keçmişi möhkəmləndirir, həm də gələcək biliklərə hazırlaşır - Alimlərindən yeni kəşf

Yaponiyanın Toyama Universitetindən professor Kaoru İnokuçinin rəhbərliyi ilə aparılan araşdırma göstərib ki, yuxu zamanı beyin yalnız əldə olunmuş xatirələri möhkəmləndirmir, həm də gələcəkdə öyrəniləcək biliklərə hazırlaşır.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Nature Communications (NatCom) jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, yuxunun əsas rolu yalnız keçmiş təcrübələrin qorunması ilə məhdudlaşır. Lakin yeni araşdırma bu yanaşmanı dəyişir: alimlər müəyyən ediblər ki, yuxu zamanı beyin həm keçmiş təcrübələri gücləndirir, həm də yeni biliklərin yaddaşa həkk olunması üçün zəmin hazırlayır.

Tədqiqatçılar siçanlar üzərində aparılan təcrübələrdə fərdi neyronların fəaliyyəti üzərində müasir izləmə metodlarından istifadə ediblər. Onlar müşahidə ediblər ki, öyrənmədən sonra beyində iki proses baş verir: həm keçmiş biliklərə cavabdeh neyronlar aktivləşir, həm də gələcəkdə yeni məlumatların yadda saxlanılmasında iştirak edəcək "gələcək enqramlar" formalaşır.

“Gördük ki, yuxu zamanı keçmişlə bağlı neyronlar gələcəkdə istifadə olunacaq neyronlarla qarşılıqlı əlaqə qurur. Bu, yeni biliklər üçün torpağın şumlanmasına bənzəyir,” – deyə professor İnokuçi bildirib.

Alimlər həmçinin yaddaş üçün cavabdeh olan beyinin hipokamp adlanan nahiyəsinin fəaliyyətini simulyasiya edən kompüter modeli yaradıblar. Model göstərib ki, yuxu zamanı neyronlararası əlaqələrin gücündə baş verən xüsusi dəyişikliklər beynin yeni biliklərə hazırlaşması üçün həyati əhəmiyyət daşıyır.

Tədqiqatçılar bildirirlər ki, keyfiyyətli yuxu yalnız öyrənilənləri qorumaq üçün deyil, həm də yeni biliklərin uğurla mənimsənilməsi üçün vacibdir. Pis yuxu həm keçmiş məlumatların möhkəmlənməsini, həm də yeni məlumatların yadda saxlanmasını poza bilər.

Professor İnokuçi qeyd edib: “Yuxu sadəcə istirahət deyil. Bu, öyrənməyin, yadda saxlamanın və inkişafın ayrılmaz bir hissəsidir. Ümid edirik ki, insanlar yuxunu sağlam həyatın vacib elementi kimi daha çox qiymətləndirəcəklər."

Nilay 

Oxşar Xəbərlər