Hindistanda altı yaşlı qız uşağı vaksinasiya olunmasına baxmayaraq, quduzluğa yoluxub. Hadisə Kerala ştatında baş verib.
32gun.az bildirir ki, bu barədə Times of India məlumat yayıb.
Məlumata görə, azyaşlı qız evlərinə yaxın mağazaya gedərkən küçə iti tərəfindən hücuma məruz qalıb. İt onun baş, ayaq və çiyin nahiyəsinə dərin yaralar yetirib. Yaralı uşaq dərhal Tiruuranqadi xəstəxanasına çatdırılıb, daha sonra isə Kocikod Tibb Kollecinin xəstəxanasına köçürülüb. Ona quduzluğa qarşı dərialtı vaksin və immunoqlobulin müalicəsi tətbiq olunub.
Bir müddət sonra qızın vəziyyəti yaxşılaşıb, yaraları sağalıb və o, normal həyata qayıtmağa başlayıb. Lakin sonradan onun hərarəti yüksəlib və o, yenidən xəstəxanaya yerləşdirilib.
Aparılan testlər azyaşlının quduzluq virusuna yoluxduğunu təsdiqləyib. Həkimlərin sözlərinə görə, virus ehtimal ki, vaksin effekt göstərməyə başlamamışdan əvvəl baş və boyun nahiyəsindən sinir sisteminə keçib.
Hazırda məktəbli qızın vəziyyəti kritik olaraq qiymətləndirilir — o, gözlərini aça bilmir və yeməkdən imtina edir.
Ayxan