Beynəlxalq alimlər qrupu müəyyən edib ki, zoopark şəraitində yaşamaq Sumatra oranqutanlarının davranışını radikal şəkildə dəyişir: bu heyvanlar təkcə ətraf mühiti daha tez-tez araşdırmır, həm də bunu vəhşi təbiətdəki həmnövlərindən daha müxtəlif və yaradıcı şəkildə edirlər.
32gun.az bildirir ki, araşdırmanın nəticələri Scientific Reports (SR) jurnalında dərc olunub.
Alimlər 6 aylıqdan 76 yaşadək olan 51 oranqutanın 12 mindən çox obyektlə tədqiqat yönümlü manipulyasiya (exploratory object manipulation, EOM) halını təhlil ediblər. Bu hərəkətlər əşyalarla fəal təmas və onların vizual şəkildə öyrənilməsini əhatə edir — bu isə öyrənmə və problemlərin həlli bacarıqlarının inkişafı üçün vacibdir.
Tədqiqatın aparıcı müəllifi İzabel Laumer qeyd edib:
"Araşdırmamız göstərir ki, zooparkdakı oranqutanlar sadəcə daha çox araşdırmır — onlar bunu fərqli şəkildə edirlər. Eyni əşyalarla işləyərkən belə, əsirlikdə olan heyvanlar daha geniş fəaliyyət spektrini nümayiş etdirir, alətlərdən daha çox istifadə edir və eyni anda bir neçə obyektlə manipulyasiya edirdilər."
Vəhşi təbiətdə oranqutanlar əsasən yarpaqlar, qabıq və budaqlar kimi təbii materiallarla təmasda olurlar. Zooparklarda isə onları əhatə edən mühit daha zəngindir: oyuncaqlar, başa çatdırılası tapmacalar və düşünməni stimullaşdırmaq üçün hazırlanmış konstruksiyalar mövcuddur. Bu şərait heyvanların daha çevik davranışlar və koqnitiv bacarıqlar inkişaf etdirməsinə imkan verir.
Maraqlıdır ki, araşdırıcı davranışın başlama yaşı həm vəhşi, həm də zoopark oranqutanlarında oxşar olub. Lakin təxminən 8 yaşdan sonra — ana ilə əlaqənin kəsildiyi dövrdə — vəhşi oranqutanların bu aktivliyi kəskin şəkildə azalır. Zooparkdakılarda isə bu fəaliyyət böyüklük yaşlarında da davam edir. Bunun əsas səbəbi kimi təbiətdəki oranqutanların vaxtlarının çoxunu yemək axtarışına və sağ qalmağa sərf etməsi göstərilir.
Araşdırmanın baş müəlliflərindən Karolin Şuppli izah edib:
"İnsan uşaqlarında müşahidə etdiyimiz eyni proseslər burada da baş verir: əşyalarla fəal qarşılıqlı əlaqə motorikanın, düşüncə qabiliyyətinin və öyrənmə bacarığının inkişafına təkan verir. Vəhşi və zoopark heyvanlarının müqayisəsi bizə növün əsl koqnitiv çevikliyini və ətraf mühitin zehni inkişaf üçün nə qədər vacib olduğunu başa düşməkdə kömək edir."
Nilay