MIT alimləri kvant hesablamalarını sürətləndirməyə yaxınlaşıblar
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları kvant hesablamalarının sürətləndirilməsi istiqamətində mühüm addım atıblar. Onlar işıq hissəcikləri — fotonlar və süni atomlar arasında rekord dərəcədə güclü qarşılıqlı əlaqə yaradan unikal sxem hazırlayıblar. Bu elementlər kvant kompüterlərinin əsas hissələridir.
32gun.az bildirir ki, tədqiqat Nature Communications (NatCom) jurnalında dərc olunub.
Gələcəyin kvant kompüterləri yeni materialların modelləşdirilməsi, maşın öyrənməsi alqoritmlərinin təkmilləşdirilməsi və klassik kompüterlərin öhdəsindən gələ bilmədiyi problemlərin həlli üçün istifadə edilə bilər. Lakin bu potensialın reallaşması üçün kvant əməliyyatları son dərəcə sürətli həyata keçirilməlidir. Əks halda, səhvlər yığılaraq nəticələrin dəqiqliyini azalda bilər.
Doktor Yufən Brayt Yenin rəhbərlik etdiyi komanda quarton coupler adlı xüsusi kvant birləşdirici yaradıb. Bu, kvant bitləri (kubitlər) ilə işıq arasında qarşılıqlı təsiri gücləndirən superkeçirici elementdir. Yeni arxitekturadakı əlaqə gücü əvvəlki təcrübələrlə müqayisədə təxminən 10 dəfə daha yüksək olub. Bu artım sayəsində kvant əməliyyatları, o cümlədən məlumatın oxunması, cəmi bir neçə nanosaniyə ərzində həyata keçirilə bilər.
Yen bildirib:
“Adətən, səhvlərin düzəldilməsi mərhələləri arasında ölçmə prosesləri çox vaxt aparır. Bizim texnologiya bu problemi aradan qaldıra və bizi həqiqətən davamlı kvant hesablamaları dövrünə yaxınlaşdıra bilər.”
Yeni qurğu çip üzərində iki superkeçirici kubiti birləşdirir: onlardan biri “rezonator”, digəri isə informasiyanı saxlayan “süni atom” funksiyasını yerinə yetirir. Onlar arasında mikrodalğalı fotonlar vasitəsilə kvant məlumatı mübadiləsi baş verir.
Eyni zamanda, bu sistem iki kubit arasında indiyə qədərki ən güclü qarşılıqlı əlaqəni nümayiş etdirib — bu isə kvant kompüterlərində məntiqi əməliyyatların həyata keçirilməsi üçün əsasdır.
Tədqiqat hələlik fundamental səviyyədə olsa da, informasiya oxunması və işlənməsi üçün çox sürətli texnologiyaların inkişafına yol aça bilər. Bu xüsusilə vacibdir, çünki kubitlərin ömrü məhduddur — hesablamalar nə qədər sürətlə aparılarsa, kvant vəziyyəti pozulmadan daha çox əməliyyat yerinə yetirmək mümkündür.
Nilay