DÜNYA ÖZ XƏBƏR

Yer üzərindəki təcrübə elm adamlarına Saturn sistemində həyat tapmaq ümidi verir

Alimlər Yer üzündəki ilk həyat formalarının enerji mənbəyini müəyyən ediblər

Almaniyanın Münhen şəhərində yerləşən Lüdvig-Maksimilian Universitetinin alimləri təxminən 4 milyard il əvvəl Yer üzündə yaşamış ilkin mikroorqanizmlərin mövcud olduğu şəraiti laboratoriyada təkrar yarada biliblər. Təcrübələr göstərib ki, ilk hüceyrələr enerjini dəmir və kükürdün reaksiyası zamanı ayrılan hidrogendən əldə edə bilərmiş.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Nature Ecology & Evolution jurnalında dərc olunub.

Alimlər qədim okean dibi “qara bacalar” adlanan hidrotermal mənbələrin mini modellərini hazırlayıblar. Bu yüksək temperaturlu mühitdə dəmir sulfid mineralları yaranıb. Həmin şəraitdə müasir qədim mikroorqanizmlərin analoqu sayılan Methanocaldococcus jannaschii adlı arxe orqanizmi nəinki sağ qalıb, hətta hidrogendən istifadə edərək fəal şəkildə çoxalmağa başlayıb.

Tədqiqatın əsas müəllifi Vanessa Helmbrextin sözlərinə görə, heç bir qida maddəsi əlavə edilmədiyi halda arxe hüceyrələri eksponensial şəkildə artıb. Bu isə onu göstərir ki, ilk hüceyrələr enerjini sadə kimyəvi reaksiyalardan əldə edirmiş.

Mikroorqanizmlər qədim dövrlərə xas olan və bu gün də bəzi canlılarda qorunub saxlanan asetil-KoA adlı metabolik yolu istifadə edib. Onlar nadir makinavit mineralları ilə təmasda böyüyüblər ki, bu da qədim dəmirli süxurlarda tapılan ilkin həyat izləri ilə uyğunluq təşkil edir.

Alimlər düşünür ki, bu cür proseslər Yer üzündə həyatın təkamülünün başlanğıcı ola bilər. Onlar oxşar şəraitin Saturnun Enselad peykində də mövcud ola biləcəyini ehtimal edir və növbəti mərhələdə həmin mühiti model olaraq arxelərin bu şəraitdə yaşayıb-yaşaya bilməyəcəyini araşdırmağı planlaşdırırlar.

Nilay 

Oxşar Xəbərlər