Pakistan hazırda 150-ə yaxın nüvə başlığına malikdir və bu sahədə dünyanın əsas güclərindən biri sayılır.
32gun.az bildirir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Ölkədə atom bombası proqramına 1972-ci ildə start verilib və uzun illər davam edən işlərin nəticəsində 1998-ci ildə Pakistan ilk nüvə sınağını keçirib. Bununla yanaşı, İslamabad nüvə silahlarının çatdırılma vasitələrinin inkişafına da xüsusi diqqət yetirib.
Hazırda Pakistanın arsenalı əsasən “yer-yer” tipli raketlər və hərbi aviasiya vasitəsilə istifadə edilə bilən nüvə başlıqları ilə təchiz olunub. Eyni zamanda, jurnalistlər bildirirlər ki, ölkə dəniz bazalı qanadlı raketlərin hazırlanması üzərində də işləyir. Hələlik Pakistanın atom sualtı qayıqları olmasa da, adi dizel-elektrik qayıqlarından qanadlı raketlərin buraxılması üzərində işlər gedir.
İslamabad hazırda Ghaznavi, Abdali, Shaheen-I, Shaheen-II və Shaheen-III tipli mobil ballistik raketləri silahlanmaya daxil edib. Xüsusilə Shaheen-III modeli 2750 kilometrə qədər məsafəni qət edə bilir və Hindistanın istənilən nöqtəsini vura bilir. Hazırda bu raketlər Pakistanın raket-nüvə qüvvələrində yerləşdirilir.
Qeyd edək ki, daha öncə Kremlin sözçüsü Dmitri Peskov Rusiya tərəfinin Hindistan və Pakistan arasındakı gərginliyi yaxından izlədiyini və tərəflərin vəziyyəti yumşaltmaq üçün addımlar atacağına ümid etdiklərini bildirib.
Ayxan