DÜNYA ÖZ XƏBƏR

Alimlərdən “qırıq ürək sindromu” ilə bağlı XƏBƏRDARLIQ: ölüm riski hələ də yüksəkdir

Amerika Kardiologiya Assosiasiyasının genişmiqyaslı araşdırması Takotsubo kardiomiopatiyası — daha çox “qırıq ürək sindromu” kimi tanınan ürək xəstəliyi ilə bağlı ciddi narahatedici tendensiyaları üzə çıxarıb.

32gun.az xəbər verir ki, Journal of the American Heart Association (JAHA) elmi nəşrində dərc olunan hesabatda 2016–2020-ci illər ərzində 200 minə yaxın hal təhlil edilib.

Araşdırma göstərib ki, güclü emosional və ya fiziki stress fonunda inkişaf edən bu xəstəlik — məsələn, yaxın insanın itkisi, boşanma və ya ağır xəstəlikdən sonra yaranan sindrom — müasir tibbi imkanlara baxmayaraq, hələ də yüksək ölüm riski ilə müşayiət olunur. Bu sindrom infarktla oxşar əlamətlər göstərdiyi üçün çox vaxt yanlış diaqnoz qoyulur.

Statistikaya görə, xəstəxana daxilində ölüm faizi 6,5% olaraq qalır. Xüsusilə kişilər üçün risk iki dəfə yüksəkdir: bu xəstəlikdən ölən kişilərin faizi 11,2%-dirsə, qadınlarda bu göstərici 5,5%-dir.

Ən çox riskə məruz qalanlar 61 yaşdan yuxarı insanlardır. Lakin 46–60 yaş arası orta yaşlı qrupda xəstəliyin yayılma faizi 31–45 yaşlı gənclərlə müqayisədə 2,6–3,25 dəfə artıb.

“Qırıq ürək sindromu” tez-tez ağır fəsadlara səbəb olur: 35,9% hallarda ürək çatışmazlığı, 20,7%-də ürək ritmində pozuntu (fibrilasiya), 6,6%-də kardiogen şok, 5,3%-də insult və 3,4%-də ürək dayanması müşahidə olunub.

Alimlər gender fərqliliklərini və yüksək ölüm riskini daha dərindən araşdırmaq, eləcə də müalicə protokollarını təkmilləşdirmək niyyətindədirlər.

Mütəxəssislər bildirirlər ki, müasir dünyada stressin artması bu sindromu daha da təhlükəli edir və hər kəsi simptomlara qarşı daha həssas və diqqətli olmağa çağırırlar.

Nilay 

Oxşar Xəbərlər