Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman bin Cəssim Əl Tani ABŞ Prezidenti Donald Trampa təyyarə verilməsinin hədiyyə deyil, rəsmi razılaşma olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Əl Taninin sözlərinə görə, Boeing 747-8 tipli təyyarənin Trampa ötürülməsi krallıq ailəsinin şəxsi hədiyyəsi deyil, iki hökumət arasında razılaşmadır. Bu açıqlama Qətərin qeyri-qanuni lobbiçilikdə ittiham olunmasından sonra verilib.
Tramp təyyarəyə 2025-ci ilin fevralında Uest Palm Biç hava limanında baxış keçirib. Lüks təyyarənin ABŞ prezidentinin yeni rəsmi təyyarəsi kimi istifadə olunacağı gözlənilir.
Mayın 14-də Trampın Qətərə səfəri zamanı ABŞ bu ərəb dövləti ilə 243 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb. Razılaşmaya 210 ədəd Boeing təyyarəsi və GE Aerospace mühərriklərinin Qatar Airways-ə satışı da daxildir. Bu, Boeing şirkəti üçün sifarişlərin 60% azaldığı, Alyaska üzərində uçuş zamanı lyukun qopması və kütləvi tətil hadisələrindən sonra mühüm irəliləyiş sayılır.
Qeyd edək ki, daha əvvəl Tramp təyyarənin ona hədiyyə olunduğunu bildirmiş və prezidentliyi başa çatdıqdan sonra onun ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini demişdi.
Ayxan