DÜNYA ÖZ XƏBƏR

Alimlər barmaqlarınızın dərisinin nəmdən niyə qırışdığını öyrəniblər

Barmaqlardakı dərinin su ilə təmasdan sonra qırışması toxumaların şişməsi ilə deyil, qan damarlarının daralması ilə bağlıdır. Bu nəticəyə ABŞ-ın Binqemton Universitetinin alimləri gəliblər.

32gun.az bildirir ki, Tədqiqatın nəticələri Journal of the Mechanical Behavior of Biomedical Materials (JMBBM) jurnalında dərc olunub.

Təcrübə zamanı iştirakçılardan barmaqlarını 30 dəqiqə suda saxlamaq xahiş olunub. Daha sonra yaranan qırışlar fotoşəkillərlə sənədləşdirilib və bu proses ən azı bir gün sonra yenidən təkrarlanıb. Hər dəfə eyni formada yüksəlmiş döngə və xətli naxışlar müşahidə olunub, bu da həmin mexanizmin sabitliyini göstərib.

Tədqiqat müəlliflərindən biri, biotibbi mühəndis Qay German bildirib ki, bu prosesdə əsas rolu qan damarları oynayır: “Onlar demək olar ki, yerini dəyişmir. Bu da qırışların hər dəfə eyni şəkildə yaranmasını izah edir.”

Müəlliflər vurğulayıblar ki, bu “qırışma” təkcə su ilə təmasın yan təsiri deyil, eyni zamanda təkamül nəticəsində formalaşmış bir mexanizmdir. Alimlər hesab edirlər ki, bu mexanizm nəm səthlərdə sürüşmənin qarşısını almağa və tutma qabiliyyətini artırmağa xidmət edir. Şin protektorlarına bənzər şəkildə, qırışmış dəri nəm əşyaları daha effektiv saxlamağa kömək edir. Bu xüsusiyyət qədim insanların suda qida toplaması və ya yaş ərazilərdə hərəkət etməsi üçün mühüm əhəmiyyət kəsb etmiş ola bilər.

Nilay

Oxşar Xəbərlər