Yaroslav vilayətinin Rıbinsk şəhərində ali təhsil müəssisələrindən birinə məxsus tədqiqat laboratoriyasının iki rəhbəri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bölgə üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2024-cü ilin iyunundan 2025-ci ilin may ayına qədər “Gənclər və uşaqlar” adlı milli layihə çərçivəsində avadanlıq alışı ilə bağlı müqavilələrin bağlanmasına şərait yaradaraq 2 milyon rubl məbləğində rüşvət alıblar.
“İki nəfər saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb. İstintaqın vəsatəti əsasında məhkəmə tərəfindən barələrində həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin yaşayış və iş yerlərində axtarışlar aparılıb”, – deyə rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl – 15 may tarixində Çelyabinskdə FSB əməkdaşları DİN-in bölgə üzrə Təsərrüfat və Xidmət Təminatı Mərkəzinin rəhbəri, şəhər Dövlət Yol Polisi idarəsinin keçmiş rəisi Aleksandr Qaydeni saxlamışdı. O, vəzifə səlahiyyətlərini aşmaqda və 1 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinir.