DÜNYA ÖZ XƏBƏR

İnsanlar 20 min il əvvəl balina sümüklərindən alətlər düzəldiblər - Alimlərib araşdırması

İspaniya, Fransa və Kanadadan olan beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanlar balina sümüklərindən alət düzəltməyə hələ 20 min il əvvəl başlayıblar. Bu qənaətə arxeoloji tapıntılar əsasında gəlinib.

32gun.az bildirir ki, araşdırmanın nəticələri Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.

Balinalar — Yer üzündə yaşayan ən iri canlılar — sahilyanı icmaların sağ qalmasında mühüm rol oynayıblar. Onlar insanlara təkcə ət yox, həm də alət hazırlamaq üçün material veriblər. Lakin bu günə qədər insan və balina münasibətlərinin tarixini izləmək çətin olub. Səbəb isə bir çox sahilyanı arxeoloji ərazilərin dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalmasıdır.

Alimlər İspaniyada, Biskay körfəzi yaxınlığında tapılan 83 sümük aləti, eləcə də Santa-Katalina mağarasından çıxarılan əlavə 90 sümüyü tədqiq ediblər. Kütləvi spektrometriya və radiokarbon analizləri nəticəsində bu sümüklərin azı beş fərqli balina növünə — o cümlədən kaşalot, finval, göy və boz balinalara — aid olduğu müəyyən edilib. Bu növlər bu gün həmin ərazidə demək olar ki, rast gəlinmir.

Kimyəvi analizlər qədim balinaların qidalanma tərzinin müasir balinalardan fərqli olduğunu da göstərib. Bu da minilliklər ərzində dəniz mühitində və ya dəniz məməlilərinin davranışında dəyişikliklərin baş verdiyini ehtimal etməyə əsas verir.

Tədqiqat qədim insanların texnologiyalarını daha yaxşı anlamağa imkan yaratmaqla yanaşı, keçmiş ekosistemlərdə balinaların roluna dair dəyərli məlumatlar təqdim edir. Alimlər ümid edirlər ki, gələcək tapıntılar iqlim dəyişikliyi və insan fəaliyyətinin dəniz mühitinə təsirini daha dərindən anlamağa kömək edəcək.

Nilay 

Oxşar Xəbərlər