Amerikalı astronomlar Günəş sisteminin kənarında gözlənilməz bir kəşf ediblər: onların hesablamalarına görə, bu obyekt yeni cırtdan planet ola bilər. 2017 OF201 adlandırılan göy cisminin kəşfi son onilliklərin ən mübahisəli kosmik fərziyyələrindən biri olan “Doqquzuncu planetin” mövcudluğunu sual altına alır.
32gun.az xəbər verir ki, tədqiqatın ilkin versiyası arXiv portalında dərc olunub.
Alimlərin hesablamalarına əsasən, 2017 OF201 təxminən 700 kilometr diametrə malikdir — Plutondan üç dəfə kiçik olsa da, cırtdan planet sayılmaq üçün kifayət qədər böyüklükdədir.
Bu obyekt Yerdən Neptunun məsafəsindən üç dəfə uzaqda yerləşir və son dərəcə uzunsov bir orbit üzrə hərəkət edir — Günəşdən 1600 astronomik vahidədək uzaqlaşaraq Oort buludunun dərinliklərinə qədər gedib çıxır. Oort buludu Günəş sisteminin sərhədində yerləşən və buzlu cisimlərlə dolu olan sahədir.
2017 OF201-in Günəş ətrafında tam dövrü təxminən 25 min il çəkir, lakin onu müşahidə etmək mümkün olan dövr bu zamanın cəmi 0,5 faizinə, yəni təxminən 100 ilə bərabərdir. Hazırda obyekt sürətlə sönür və tezliklə müşahidə üçün əlçatmaz olacaq.
Ən maraqlısı isə odur ki, bu obyekt Doqquzuncu planetin axtarışı zamanı aşkar edilib. Həmin planetin varlığı Neptundan kənarda yerləşən buzlu cisimlərin qəribə orbital düzülüşlərini izah etməli idi. Lakin 2017 OF201-in orbit xüsusiyyətləri bu nəzəriyyəyə uyğun gəlmir, bu da tədqiqatçıların fikrincə, Doqquzuncu planetin mövcudluğunu şübhə altına alır.
Tədqiqatçılar obyektin James Webb, Hubble kosmik teleskopları və ALMA radioteleskopu ilə müşahidəsi üçün rəsmi müraciət ediblər.
Ayxan