ABŞ və Fransa alimləri insanın yalnız xronoloji deyil, funksional yaşını da dəqiq ölçə bilən yeni biometrik sistem hazırlayıblar.
32gun.az bildirir ki, bu yeni metod IC Clock (daxili yaş saatı) adlandırılıb və Nature Aging jurnalında dərc olunub.
Ənənəvi yaş ölçü sistemlərindən fərqli olaraq, IC Clock Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təqdim etdiyi “daxili həyat qabiliyyəti” (intrinsic capacity – IC) konseptinə əsaslanır. Bu konsept insanın aktiv yaşlanması üçün zəruri olan altı əsas funksiyanı əhatə edir: hərəkətlilik, zehni qabiliyyətlər, psixi sağlamlıq, görmə, eşitmə və qidalanma. ÜST 2022-ci ildə bu göstəricilərin zəifləməsini ayrı bir tibbi diaqnoz kimi qəbul edib.
Alimlər bu sistemi DNT metilasiyası – yəni DNT-də baş verən kimyəvi dəyişikliklər – əsasında hazırlayıblar. IC Clock artıq Fransanın INSPIRE-T və ABŞ-ın Framingham Heart Study kimi minlərlə insanı əhatə edən araşdırmalarda sınaqdan keçirilib. Nəticələr göstərib ki, bu model ölüm riskini əvvəlcədən proqnozlaşdırmaqda əvvəlki bütün metodlardan daha dəqiqdir. Həmçinin bu saatın göstəriciləri güclü immun sisteminə, aşağı iltihab səviyyəsinə və sağlam həyat tərzinə uyğun gəlir.
Araşdırmanın həmmüəllifi, Bakı Yaşlanma İnstitutundan professor Devid Furman bildirib:
“Qocalıqda məqsəd yalnız xəstəliklərlə mübarizə yox, funksiyaların qorunmasıdır. IC Clock həkimlərə məhz həyat keyfiyyətini izləməyə kömək edəcək.”
Bu sistem artıq 101 milyon dollarlıq XPRIZE Healthspan adlı beynəlxalq yarışda istifadə olunacaq. Yarışın məqsədi 50-80 yaşlı insanlarda əzələ, zehni və immun funksiyaları cəmi 1 il ərzində 10–20 il geri qaytarmaqdır. IC Clock komandası burada keton əlavələri, fiziki məşqlər, pəhriz və zehni stimulyasiya daxil olmaqla kombinə olunmuş müdaxilə təklif edəcək və nəticələri IC Clock ilə ölçəcək.
Gələcəkdə bu “daxili yaş saatı” metodunun qan damlası ilə tətbiqi planlaşdırılır ki, bu da onu ucuz, geniş yayılmış və resursları məhdud ölkələr üçün əlçatan bir vasitəyə çevirə bilər.
Nilay