ABŞ prezidenti Donald Tramp hesab edir ki, Kaliforniyadakı etiraz aksiyaları kimsə tərəfindən maliyyələşdirilir.
32gun.az xəbər verir ki, o Ağ Ev tərəfindən yayımlanan Şimali Karolinadakı Fort Bragg hərbi bazasında hərbçilərə və veteranlara danışıb.
Tramp deyib ki, Kaliforniyada baş verən iğtişaşlar və etirazlar “sülhə, ictimai asayişə və Birləşmiş Ştatların milli suverenliyinə qarşı tam miqyaslı hücumdur” və “xarici bayraqlar qaldıran iğtişaşçılar tərəfindən Amerika torpaqlarına işğalını davam etdirmək üçün həyata keçirilir”.
Prezident vurğulayıb ki, buna yol vermək olmaz. Onun fikrincə, aksiyaları peşəkarlar təşkil edib və kimlərsə maliyyələşdirib.
Tramp əlavə edib ki, o, ABŞ-ın baş prokuroru Pam Bondi və Ədliyyə Nazirliyi vasitəsilə “bütün bu avadanlıqları kimin maliyyələşdirdiyini” öyrənmək niyyətindədir.
İyunun 6-da Los-Ancelesin ətrafı Paramountda immiqrantlara qarşı reydlərdən sonra küçə iğtişaşları baş verdi. Etirazçılar “ICE out of LA!” şüarları səsləndirib, yolları bağlayıb və Meksika bayraqları ilə küçələrə çıxıblar .
Tramp 1965-ci ildən bəri ilk dəfə yerli hakimiyyət orqanlarının tələbi olmadan 2000 Milli Qvardiya əsgərinin şəhərə daxil edilməsini əmr edib. Kaliforniya liderləri prezidentin qərarını pisləyib. Demokratik qubernator Gavin Newsom Pentaqonun rəhbərinə məktub yazıb , ondan “ciddi eskalasiya” riski barədə xəbərdarlıq edərək, qvardiyanın yerləşdirilməsini ləğv etməsini istəyib. Daha sonra o, Trampı məhkəməyə verəcəyini, onun “oda yağ tökdüyünü” və hərəkətlərinin konstitusiyaya zidd olduğunu söyləyib.
Ayaz