Türkiyənin Antalya şəhərindəki hava limanında anası tərəfindən tərk edilən azyaşlı Nikol Rusiyaya qaytarılıb.
32gun.az bildirir ki, bu barədə Rusiya Prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova özünün Telegram kanalında məlumat yayıb.
“Bugün səkkiz ay ərzində nəzarətimizdə olan bir məsələ uğurla həll olundu. Ötən ilin oktyabrında Türkiyənin Antaliya şəhərində anası tərəfindən doğulub hava limanında tərk edilən körpə Nikol Vətənə qaytarıldı”, – deyə o bildirib.
Lvova-Belova bu məsələnin həllində göstərilən dəstəyə görə Rusiya Xarici İşlər Nazirliyinə, Təhsil Nazirliyinə, Moskva vilayəti hökumətinə və digər aidiyyəti qurumlara təşəkkür edib.
Hadisə 2024-cü ilin oktyabrında baş verib. 18 yaşlı Yekaterina Burnazkina Antalyadakı hava limanının tualetində doğduğu körpəni unitaza ataraq tərk etmişdi. Daha sonra o, anası ilə birlikdə Türkiyəni tərk edərək Rusiyaya qayıtmağa cəhd göstərmişdi. Körpə təmizlik işçiləri tərəfindən tapılmış, ana və nənə isə saxlanılmışdı. Yekaterina bildirib ki, doğuma qədər hamilə olduğunu bilməyib.
Yekaterina Burnazkina barəsində cinayət işi açılıb və 2025-ci il fevralın 24-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib.
Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu körpə üçün doğum şəhadətnaməsi və Rusiya vətəndaşlığı sənədlərini rəsmiləşdirib.
Ayxan