Tom Kruz fəxri “Oskar” mükafatına layiq görüləcək
Amerikalı aktyor Tom Kruz Amerika Kino Akademiyası tərəfindən fəxri “Oskar” mükafatına layiq görüləcək.
32gun.az xəbər verir ki, bu barədə Akademiyanın yaydığı rəsmi məlumatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Tom Kruz həm ən çox tanınan, həm də ən çox gəlir gətirən aktyorlardan biridir. O, ABŞ kino sənayesinin pandemiya dövrünü aşmasında böyük rol oynamış teatr və kino sənətinin tərəfdarı kimi xarakterizə edilib.
“Kruz peşəsinə sadiqliyini hər zaman nümayiş etdirir. O, bir çox filmdə riskli səhnələri özü ifa edir. Aktyorun “Oskar”a namizədlikləri arasında “İyulun dördündə doğulmuşam”, “Cerri Maquayer” və “Maqnoliya” filmlərindəki rolları var. Həmçinin prodüseri olduğu “Top Gun: Maverick” filmi də mükafata namizəd göstərilmişdi”, – deyə açıqlamada vurğulanır.
Təltif mərasimi 16 noyabr tarixində Los-Ancelesdə keçiriləcək. Tom Kruzla yanaşı, aktrisa və xoreoqraf Debbi Allen, rəssam və səhnə tərtibatçısı Uinn Tomas da mükafatlandırılacaq. Müğənni və aktrisa Dolli Parton isə Ceyn Herşolt adına humanitar mükafata layiq görüləcək.
Qeyd edək ki, fəxri “Oskar” uzun illər ərzində kino sənətinə töhfələrə, kino elminin inkişafına və Akademiyanın missiyasına göstərilən xidmətlərə görə təqdim olunur.
Xatırladaq ki, Tom Kruz daha öncə yanan paraşütlə ən çox tullanış edən şəxs kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Ayaz