DÜNYA ÖZ XƏBƏR

Avtosalon direktoru onlarla vətəndaşı aldatdı – zərər 15 milyonu keçdi

Rusiyanın Ufa şəhərində yerləşən “Avtolayn” avtosalonunun direktoru onlarla vətəndaşı aldadaraq avtomobillərini ələ keçirib.

32gun.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb və hadisəni “triller ssenarisi yox, reallıq” adlandırıb.

Məlumata görə, 49 yaşlı direktor Denis Lenkov barəsində artıq 20-dən çox vətəndaş polisə kollektiv ərizə ilə müraciət edib. Zərərçəkənlərdən bəziləri avtomobillərini satış üçün salona təhvil veriblər, digərləri isə kredit və ya hissə-hissə ödənişlə maşın almaq üçün ödəniş ediblər. Nəticədə bir qrup vətəndaş avtomobilsiz, digərləri isə pulunu itirmiş vəziyyətə düşüb. İlkin hesablamalara görə, ümumi maddi zərər 15 milyon rubldan çoxdur.

Araşdırma zamanı bəlli olub ki, Lenkov müştəriləri “çox sərfəli” şərtlərlə cəlb edib, lakin əslində avtomobilləri ucuz qiymətlərlə sataraq adlarına keçirib və sonra izini itirib. Hətta salonun öz əməkdaşlarından biri də bu dələduzluğun qurbanına çevrilib.

Zərərçəkənlərin sözlərinə görə, Lenkovun hüquq-mühafizə orqanlarında əlaqələri olub və bu şəxslər insanların öz "uğurlanmış" avtomobillərini tapıb geri almağa çalışdıqları yerlərə gəlib müdaxilə ediblər.

Qeyd edək ki, yaxın günlərdə Rusiya Dövlət Dumasında saxta yol-nəqliyyat hadisələrinin təşkilinə görə cəzaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi gözlənilir. Avtoekspert və hüquqşünas Dmitri Slavnov bu təşəbbüsün tam zamanında olduğunu deyib:
“Ölkə bu qədər çətin vəziyyətdəykən, bu fırıldaqçılar xalqı aldatmaqla məşğuldurlar. Onlara qarşı daha sərt qanunlar və radikal tədbirlər lazımdır,” – deyə mütəxəssis bildirib.

Ayxan 

Oxşar Xəbərlər