
ABŞ Müdafiə Nazirliyi Federal Təhqiqatlar Bürosu (FTB) ilə birgə, Amerikanın İrana endirdiyi hava zərbələri barədə medianın yaydığı məlumatların sızmasını araşdırır.
32gun.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Hegset NATO-nun Haaqa sammitində bildirib.
“Hazırda FTB ilə birlikdə sızma ilə bağlı araşdırma aparırıq”, – deyə Hegset qeyd edib.
Nazir əlavə edib ki, sızan məlumatlar yalnız daxili istifadə üçün nəzərdə tutulubmuş. Onun sözlərinə görə, CNN və digər media orqanları ABŞ prezidenti Donald Tramp haqqında mənfi təsəvvür yaratmağa çalışır. Hegset bildirib ki, əslində həmin hərbi əməliyyat “böyük uğur, sarsıdıcı nailiyyət” olub.
Qeyd edək ki, CNN və The New York Times Pentaqonun kəşfiyyat hesabatlarına istinadla yazıblar ki, ABŞ Hərbi Hava Qüvvələrinin İranın Nətənz, Fordo və İsfahan şəhərlərindəki obyektlərinə endirdiyi zərbələr nəticəsində İranın nüvə proqramının əsas komponentləri məhv edilməyib. Kəşfiyyat məlumatına görə, proqram yalnız bir neçə ay ləngidilib, lakin dayandırılmayıb.
Hesabatlarda göstərilir ki, İran zərbələrdən əvvəl bəzi avadanlıqları və zənginləşdirilmiş uran ehtiyatlarını başqa yerə köçürüb. Hücumlar infrastrukturun müəyyən hissələrinə zərər vursa da, yeraltı komplekslər toxunulmaz qalıb. Bu məlumatlar Trampın əməliyyatdan dərhal sonra verdiyi “İranın nüvə gücü tamamilə məhv edildi” açıqlaması ilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, iyunun 24-nə keçən gecə Donald Tramp İran və İsrailin atəşkəs barədə razılaşdığını, 24 saat sonra “12 günlük müharibənin rəsmi sonunun” elan olunacağını bildirib.
Ayaz