
Ukrayna diplomatına Tehrandan etiraz: İran rəsmi nota təqdim etdi
Ukraynalı rəsmilərin ABŞ və İsrailin İrana qarşı son hərbi hücumları ilə bağlı verdiyi açıqlamalara görə, İran Xarici İşlər Nazirliyi Ukraynanın İrandakı işlər üzrə müvəqqəti işlər vəkili Kiril Pozdnyakovu çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
32gun.az xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi İRNA məlumat yayıb.
İranın XİN rəsmisi Şahram Farsai Ukrayna tərəfinin mövqeyini sərt şəkildə pisləyərək, İsrailin hərəkətlərinə verilən dəstəyin BMT Nizamnaməsinə və Cenevrə Konvensiyalarına zidd olduğunu vurğulayıb. O bildirib ki, bu mövqe faktiki olaraq "İsrail aparteid rejiminin" hərəkətlərini dəstəkləmək deməkdir və Ukrayna üçün beynəlxalq-hüquqi nəticələrə səbəb ola bilər.
Tehran Kiyevi gələcəkdə bu cür “qərəzli və təhrikedici” açıqlamalardan çəkinməyə çağırıb və bunun ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib. Diplomatik nota Ukrayna hökumətinə çatdırılacaq.
Xatırladaq ki, İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 5 ukraynalı, o cümlədən 3 uşaq həlak olub. 22 iyun tarixində isə Ukrayna XİN İranın nüvə proqramının dayandırılmasının zəruriliyini bildirmişdi.
Ayaz