DÜNYA ÖZ XƏBƏR

Trampın tarifləri Apple-ın kompüter tədarükündə anomaliyaya səbəb olub

ABŞ-da Donald Trampın təşəbbüsü ilə tətbiq olunması gözlənilən yeni gömrük tarifləri səbəbindən Apple şirkətinin kompüter tədarükündə qeyri-adi artım müşahidə olunub.

32gun.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə Apple ABŞ bazarına 2,7 milyon kompüter tədarük edərək ötən illə müqayisədə satışlarını 28,7% artırıb. Şirkətin bazar payı 14,2%-dən 16%-ə yüksəlib. Bu göstərici Apple-ı HP, Dell və Lenovo kimi əsas rəqiblərindən üstün mövqeyə çıxarıb.

“Canalys” analitik agentliyinin məlumatına görə, istehsalçılar mümkün tarif artımına hazırlaşmaq üçün məhsulları qabaqcadan ölkəyə gətirib, bu da anbarda artıq ehtiyatların yaranmasına səbəb olub.

Ekspertlər xəbərdarlıq edirlər ki, yaranmış bu ehtiyat bolluğu və iqtisadi təzyiqlər ilin sonunadək tədarük artımını zəiflədə bilər. 2025-ci ildə ABŞ PC bazarında cəmi 2% artım gözlənilsə də, 2026-cı ildə bu rəqəmin 4%-ə yüksələcəyi proqnozlaşdırılır.

Ayaz 

Oxşar Xəbərlər