
ABŞ Prezidenti Donald Tramp özünün təşəbbüs göstərdiyi və "Xərclər və Vergilər haqqında" adlı 940 səhifəlik nəhəng qanun layihəsi – The Big Beautiful Bill-in detallarını tam mənimsəməyib.
32gun.az xəbər verir ki, bu barədə NOTUS portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, Tramp Respublikaçılar Partiyasının nümayəndələri ilə görüşdə bildirib ki, əgər respublikaçılar növbəti seçkilərdə qalib gəlmək istəyirlərsə, Medicaid və Medicare tibbi sığorta proqramlarının, eləcə də federal sosial təminat proqramının maliyyələşdirilməsini azaltmamalıdırlar.
Lakin görüşdə iştirak edənlər Trampa etiraz edərək bildiriblər ki, təqdim olunan qanun layihəsində məhz Medicaid proqramının maliyyəsi azaldılır.
Qeyd edək ki, iyunun 29-da ABŞ Senatı bu qanun layihəsi üzrə prosedur səsverməsi keçirib. Bu, Respublikaçılar Partiyasının müəyyən etdiyi son tarix – 4 iyula qədər sənədin qəbuluna yol açır.
Layihə federal vergilərin ümumi şəkildə azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, sosial xərclər, xüsusilə Medicaid proqramı üzrə vəsaitlərin ciddi şəkildə ixtisar olunması planlaşdırılır.
ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamalarına görə, qanun qüvvəyə minərsə, təxminən 10,9 milyon insan tibbi sığortasız qala bilər. Üç milyondan çox şəxs isə ərzaq yardımı almaq hüququndan məhrum olacaq.
Digər tərəfdən, qanun layihəsi ABŞ-ın müdafiə xərclərini və ölkənin cənub sərhədlərində təhlükəsizliyin təminatı üçün ayrılan vəsaiti artırmağa imkan verəcək.
Ayaz