
Ukraynanın sosial və humanitar sahələr üzrə 2025-ci il xərcləri beynəlxalq tərəfdaşların dəstəyi ilə tam qarşılanıb.
32gun.az xəbər verir ki, Maliyyə Nazirliyi isə ölkədaxili maliyyə resurslarını təhlükəsizlik və müdafiə sektoruna yönəltməyə davam edir.
32gun.az xəbər verir ki, 2025-ci ildə Ukraynaya büdcə dəstəyi göstərən qurum və ölkələr bunlardır:
G7 ölkələri və Avropa İttifaqı (ERA mexanizmi vasitəsilə) – 17,6 milyard ABŞ dolları;
Avropa İttifaqı (Ukraine Facility çərçivəsində) – 3,8 milyard dollar (güzəştli kredit və qrantlar);
Beynəlxalq Valyuta Fondu – 400 milyon dollar;
Yaponiya – 190 milyon dollar (güzəştli maliyyə);
Dünya Bankı – 50 milyon dollar (səhiyyə layihəsi çərçivəsində).
Ukraynanın 2025-ci ilin sonunadək olan ümumi xarici maliyyə ehtiyacı 39,3 milyard dollar təşkil edir.
ERA (Extraordinary Revenue Acceleration for Ukraine) adlı təşəbbüs çərçivəsində Ukraynaya verilən kreditlər Rusiya aktivlərindən gələcəkdə əldə olunacaq gəlirlərlə ödəniləcək. Bu mexanizm ümumilikdə 50 milyard dollar həcmində nəzərdə tutulub.
Qeyd edək ki, apreldə Avropa İttifaqı Ukraynaya 3,5 milyard avro (3,1 milyard avro kredit və 400 milyon avro qrant) ayırıb. BVF-nin proqramı çərçivəsində isə 400 milyon dollar cəlb olunub.
Yaponiya və Dünya Bankının birgə həyata keçirdiyi DRIVE layihəsi çərçivəsində Ukraynaya 190 milyon dollar ayrılıb. Dünya Bankı tərəfindən səhiyyə sahəsində THRIVE layihəsi çərçivəsində də 50 milyon dollar verilib.
Ümumilikdə, genişmiqyaslı müharibənin başladığı gündən bəri Ukrayna beynəlxalq tərəfdaşlardan 137 milyard dollardan çox büdcə dəstəyi alıb.
Xatırladaq ki, iyunun 27-də Ukrayna Nazirlər Kabineti 2026–2028-ci illəri əhatə edən Büdcə Bəyanatını təsdiqləyib. Sənəddə iki ssenari nəzərdə tutulur: biri – təhlükəsizlik şəraitinin yaxşılaşacağı, digəri isə – Rusiyanın genişmiqyaslı hərbi təcavüzünün davam edəcəyi ehtimalına əsaslanır. İkinci ssenariyə görə, 2026-cı ildə də müdafiə və təhlükəsizlik xərcləri ən azı 2025-ci il səviyyəsində qalacaq.
Ayaz