
Ukraynada ilk dəfə olaraq iki kişi arasında faktiki nikah münasibəti rəsmi şəkildə tanınıb.
32gun.az xəbər verir ki, Kiyev şəhərinin Desnyanski Rayon Məhkəməsi Ukraynanın İsraildəki səfirliyinin birinci katibi Zoryan Kis və onun partnyoru Timur Levçukun ailə olaraq birgə yaşadıqlarını tanıyıb. Bu barədə LGBTQ hüquqları ilə məşğul olan "Insight" təşkilatı məlumat yayıb.
Zoryan Kis 2023-cü ildən İsraildə diplomatik fəaliyyət göstərir. Onlar 2013-cü ildən birlikdə yaşayırlar, 2017-ci ildə isə Ukraynada mülki mərasim, 2021-ci ildə ABŞ-da rəsmi nikah bağlayıblar. Lakin Ukrayna XİN Timur Levçuku ailə üzvü kimi tanımadığı üçün cütlük məhkəməyə üz tutub.
İşə 2024-cü ilin sentyabrında baxılmağa başlanıb və 2025-ci il iyunun 10-da məhkəmə onların ailə həyatı yaşadığını rəsmən tanıyıb. Məhkəmə onların birlikdə yaşaması, ümumi büdcə, mülkiyyət, uzunmüddətli münasibət və qarşılıqlı dəstəklə bunu sübut edib.
Qərar həm Ukrayna Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsinə əsaslanıb. AİHM-in qərarlarına əsasən, dövlətlər eyni cinsli ailələrin hüquqi qorunmasını təmin etməlidir.
Zoryan Kis məhkəmə qərarını “böyük və vacib addım” adlandıraraq, “Bu, sadə ailə xoşbəxtliyi uğrunda mübarizəmizdə kiçik bir qələbədir” deyə bildirib.
Məhkəmə, şahid ifadələri, fotolar, yazışmalar, maliyyə sənədləri və arayışlara əsasən birlikdə yaşamanın ailə həyatının bütün əlamətlərini daşıdığını təsdiqləyib. Qərarda vurğulanıb ki, Ukrayna Ailə Məcəlləsinin 21-ci maddəsinə əsasən, bərabərlik və ayrı-seçkiliyin qadağan olunması prinsipi çərçivəsində eyni cinsdən olan şəxslərin birgə yaşayışı da faktiki nikah kimi tanına bilər.
Nilay