SOSIAL

Şəxsiyyət vəsiqələrinə yaşayış yeri və vətəndaşlıqla bağlı məlumatlar əlavə olunacaq

Milli Məclisin iyulun 4-də keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

32gun.az xəbər verir ki, dəyişikliklər vətəndaşın şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin genişləndirilməsini, sənədin funksional imkanlarının artırılmasını və texniki baxımdan beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Yeni layihəyə əsasən, vəsiqədə vətəndaşın yaşayış yerivətəndaşlığı barədə məlumatlar da yer alacaq. Bu dəyişikliklər xüsusilə şəxsiyyət vəsiqəsinin beynəlxalq səyahət sənədi kimi istifadəsində, o cümlədən Türkiyə ilə viza tələb olunmadan səfərlər zamanı ortaya çıxan texniki çətinliklərin aradan qaldırılması məqsədi daşıyır.

Təklifə görə, şəxsiyyət vəsiqəsinin daxilindəki elektron daşıyıcıda (çipdə) əvvəlkindən fərqli olaraq yalnız daha zəruri məlumatlar saxlanılacaq. Digər şəxsi məlumatlar – ailə vəziyyəti, valideyn və övlad məlumatları, hərbi vəzifə və s. – birbaşa çipdə deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə mühafizə olunacaq. Bu yanaşma həm təhlükəsizliyin, həm də məlumatların məxfiliyinin qorunmasına xidmət edəcək.

Dəyişikliklər şəxsiyyət vəsiqəsinin verilmə qaydalarına da toxunur. Yaşayış yerini dəyişən vətəndaşlar üçün vəsiqənin dəyişdirilməsi məcburi əsas kimi müəyyən edilir. Eyni zamanda, vəsiqə və ya çipdə texniki və ya məzmunla bağlı səhv aşkarlanarsa, bu hallar dövlət rüsumu tutulmadan aradan qaldırılacaq.

Təklif olunan yeniliklər şəxsiyyət vəsiqələrinin daha müasir texnologiyalarla, təhlükəsiz və çevik şəkildə idarə olunmasını təmin edəcək. Bu isə sənədləşmə proseslərini sadələşdirəcək və vətəndaşlara göstərilən xidmətlərin daha səmərəli təşkilinə şərait yaradacaq.

Oxşar Xəbərlər