.jpg)
Amerikalı milyarder İlon Mask ABŞ-da yeni siyasi partiya – Amerika Partiyası yaratdığını elan edib.
32gun.az bildirir ki, bu barədə Axios portalı məlumat verib.
Məlumata görə, Mask bu təşəbbüsdə bir sıra siyasi məsləhətçilərin, həmçinin Endryu Yanqın İrəli Partiyası və Libertarian Partiyasının dəstəyini alır.
Portal yazır ki, Mask 2026-cı ildə keçiriləcək aralıq seçkilərində partiyasını “siyasi destabilizator” kimi görmək istəyir. Onun əsas hədəfi ölkənin nəzarətsiz artan dövlət borcunu azaltmaq və dayanıqlı enerji sahəsini təşviq etməkdir.
Milyarder bir neçə gün əvvəl The America Party (Amerika Partiyası) adlı yeni siyasi hərəkatın formalaşdığını açıqlamışdı. O bildirib ki, partiya 2028-ci ildə keçiriləcək prezident seçkilərində konkret bir namizədi dəstəkləyə bilər. Ancaq yaxın 12 ay ərzində əsas diqqət Konqresə — Nümayəndələr Palatası və Senata keçiriləcək seçkilərə yönələcək.
ABŞ-ın sabiq prezidenti Donald Tramp isə Maskın bu qərarına sərt reaksiya verib. Sosial şəbəkələrdə paylaşım edən Tramp bildirib: “Təəssüflə izləyirəm ki, Mask sözün əsl mənasında ağlını itirib”. O, bu ideyanın uğursuzluğa düçar olacağını düşünür.
Hazırda Mask və Tramp arasında başlayan bu açıq qarşıdurmanın ABŞ siyasətinə necə təsir edəcəyi və Amerika Partiyasının ölkə siyasi səhnəsində möhkəmlənib-möhkəmlənməyəcəyi sual altındadır.
Ayaz