.jpg)
Fransada kişi həyat yoldaşını avtostrada unutdu – 300 kilometr uzaqda tapıldı
Fransada qeyri-adi hadisə baş verib. 62 yaşlı kişi həyat yoldaşını avtomobil səyahəti zamanı yolüstü dayanacaqda unudub və onun yoxluğunu yalnız bir neçə saatlıq yol qət etdikdən sonra fərq edib.
32gun.az xəbər verir ki, bu barədə France 3 məlumat yayıb.
Məlumata görə, maşında kişi ilə yanaşı onların 22 yaşlı qızları da olub. Lakin o da anasının salonda olmadığını dərhal hiss etməyib.
Land departamentinin jandarm xidmətindən bildirilib ki, kişi özü hüquq-mühafizə orqanlarına müraciət edərək həyat yoldaşını istirahət zonasının birində unutduğunu etiraf edib, lakin məhz harada olduğunu xatırlaya bilməyib və kömək istəyib.
Qadının yerini müəyyənləşdirmək üçün jandarmiyaya bir neçə saat lazım olub. Nəticədə qadının ailəsinin yoxluğunu hiss etdiyi məntəqədən təxminən 300 kilometr uzaqda — De-Sövr departamentində onları gözlədiyi müəyyənləşdirilib.
Hadisənin gecə saatlarında baş verdiyi dəqiqləşdirilib. Müşahidə kameraları ailənin yolda bir neçə dəfə dayanaraq istirahət etdiyini və məhz bu fasilələrdən birində qadının unutulduğunu ortaya çıxarıb. Qızı isə bütün gecəni yatdığından anasının yoxa çıxmasından xəbərsiz olub.
Qadının özü jandarmilərlə söhbətində baş verənlərə görə ailəsinə incimədiyini bildirib.
Nilay