DÜNYA ÖZ XƏBƏR

Trampdan silah planı: ABŞ Ukraynaya uzaqmənzilli raket verməyəcək

ABŞ Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirə biləcək raketləri verə bilməyəcək.

32gun.az xəbər verir ki, bunu amerikalı analitik Uill Şrayver sosial şəbəkədəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə bağlı müzakirələr “axmaq söhbətdir”, çünki Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirə biləcək və Kiyevə verilə biləcək raketləri yoxdur.

Bundan əvvəl Axios portalının jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadla yazmışdı ki, Donald Tramp bazar ertəsi Ukraynaya silah tədarükü ilə bağlı yeni planını elan edəcək. Bildirilir ki, plana hücum xarakterli silahlar da daxil ola bilər. Tramp həmçinin vurğulayıb ki, ABŞ Ukraynaya Patriot kompleksləri və müxtəlif hərbi texnikalar verəcək və bu texnikaların xərcləri tam şəkildə Ukrayna tərəfindən ödəniləcək.

Qeyd edək ki, iyulun 14-də Donald Tramp mühüm açıqlama ilə çıxış etməyə hazırlaşır. Ağ Ev rəhbəri detalları açıqlamasa da, Moskvanın addımlarından məyus olduğunu vurğulayıb. Bundan qısa müddət əvvəl ABŞ prezidenti Rusiyaya “kiçik sürpriz” vəd etmişdi. Hazırda Kremlin Trampın çıxışından nə gözlədiyi və ekspertlərin irəli sürdüyü ehtimallar maraq doğurur.

Ayaz 

Oxşar Xəbərlər